Mətləb Salahov: “Hazırkı Avropa siyasəti heç zaman ABŞ qarşısında bu cür rəzil duruma düşməmişdi”
“Vaşinqtonda Volodimir Zelenski ilə ABŞ Prezidentinin görüşünə qatılan Avropa liderləri sözün əsl mənasında tükənmiş və Ağ Ev sahibi qarşısında günahkar uşaq obrazında idilər. Açıq-aşkar görünən odur ki, ABŞ lideri hazırkı Avropa liderlərini həttda adam yerinə belə qoymur. Siyasətlə az-çox maraqlanan hər kəs gözəl xatırlayar ki, hazırkı Avropa siyasəti heç zaman ABŞ qarşısında bu cür rəzil duruma düşməmişdi. Bunun səbəbi təkcə Avropa İttifaqı rəhbərlərinin şəxsi keyfiyyət və yaxud siyasi xarizma baxımından yoxsul olmaları ilə bağlı deyil. Çox güman ki, böyük məlumat sahibi olan D.Tramp Avropa rəhbərlərinin Ukrayna fəlakətindəki günah dərəcəsini yaxşı bildiyi və onlar barədə əlində olan faktlara görə belə davranır. Həttda mən deyərdim ki, ABŞ prezidenti yenicə hakimiyyətə gəldiyi zaman Avropa rəhbərlərini Ukrayna müharibəsində silah ticarətində, çirkli pulların yuyulmasında ittiham edirdi.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, dəlisov xasiyyətli biri kimi tanınan D.Trampın məhz bu iddiası artıq öz təsdiqini tapır. Çünki bu yaxınlarda ABŞ tərəfindən rəsmi şəkildə elan olundu ki, Avropa ölkələri ABŞ-dan aldıqları silahları azı 10 faiz baha qiymətə Ukraynaya ötürürlər. “Necə, hansı formada, kimin pulu ilə - artıq bu məsələnin dərin tərəfləridir. Lakin getdikcə məlum olmağa başlayıb ki, qanlı Ukrayna ssenarisini keçmiş ABŞ prezidenti Co Bayden təkbaşına reallaşdırmayıb, yaxud o qaranlıq işlərdə o tək olmayıb. Həttda məlum olur ki, bu məsələdə hazırkı Avropa rəhbərləri ABŞ-dan yetərincə bəhrələniblər.
Elə D.Tramp da ilk hakimiyyət günlərində bu Avropa liderlərindən Ukraynaya axıdılan ABŞ milyardlarının hesabını tələb edirdi. Bəs Avropa qitəsi nə vaxta kimi ABŞ qarşısında günahkar körpə kimi əlibağlı duracaq? Çox güman ki, ən azından D.Tramp hakimiyyətdə olduğu müddətdə. Çünki dəlisov Ağ Ev rəhbərinin əzik Avropa liderlərinin qarşısından geri çəkilməsi bir yana, həttda onlarla bərabərhüquqlu münasibət qurması belə, vaxt aparan məsələdir. Sadə dildə desək, qaranlıq Ukrayna ssenarisinə görə Avropa siyasəti uzun zaman belə yaşamağa məhkumdur.”
Bütün xəbərlər Facebook səhifəmizdə