"Avropa İttifaqı artıq başa düşür ki, onun üçün Ermənistanda yolun sonudur. Yəni, durum budur. Əvvəlki – belə deyək – "Troya atı"nı orada sürə bilməyəcək. Bunu yaxşı anlayır. Mümkün qədər çalışırdı ki, oradakı imkanlarını artırsın, amma artıq məsələ bəllidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları məsələyə əl qoyduğu üçün Avropa İttifaqı burada bir qədər geri planda qalıb. Məncə, bu vəziyyət Avropa İttifaqını məcbur edəcək ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanda formalaşdırmaq istədiyi özünə məxsus missiyanı dayandırsın və ABŞ-ın Azərbaycan və Ermənistanla imzaladığı anlaşmalara uyğun davranmağa məcbur olsun: "Təbii ki, Avropa İttifaqı daxilində əsas oyunçulardan biri olan Fransa üçün bu uyğun deyil, bu ona sərf etmir. Amma istər istəyərək, istər istəməyərək də olsa, Fransa anlayır ki, həm Avropa İttifaqı adından, həm də öz adından ABŞ qarşısında davam gətirə bilməyəcək. Bu səbəbdən də Cənubi Qafqaz siyasətində geri addımlar atacaq. Böyük ehtimalla bu proses təkcə Ermənistanda deyil, Avropa İttifaqının öz daxilində də baş verəcək. Mən düşünürəm ki, Fransa da, Avropa İttifaqının digər ölkələri də bu reallığı qəbul edəcək və bu istiqamətdə siyasət yürütməyə başlayacaqlar. Cənubi Qafqaz məsələsi artıq fərqlidir. Azərbaycan bir reallıq yaradıb və bu reallığı artıq hər kəs qəbul edir. Ortada olan bu reallıq görünür və siyasi proseslər Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir. Böyük ehtimalla, bu proses gələcəkdə də bu cür davam edəcək. Sülh gündəliyi məsələsi necə ki, Azərbaycanın maraqlarına uyğundur, artıq Ermənistanı da maraqlandırmalıdır. Çünki Ermənistanın başqa alternativi yoxdur və bu alternativlərdən maksimum istifadə etməyə çalışmalıdır. Belə deyək, Cənubi Qafqazda formalaşdırılmış o "dırnaqarası missiya" artıq geri çəkilməlidir. O missiya oradan çıxarılmalıdır. Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin 17-ci maddəsində bu məsələ – yəni xarici qüvvələrin, silahlı və qeyri-silahlı qruplaşmaların geri çəkilməsi ilə bağlı öhdəliklər yer alır. Bu baxımdan düşünürəm ki, məsələ artıq bizim üçün yekunlaşıb və yaxın vaxtlarda Avropa İttifaqı da bu reallıqla barışaraq, Ermənistandakı formalaşdırmaq istədiyi missiyanı geri çəkməyə məcbur olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə