"Görüş regionun siyasi tarixində dönüş nöqtəsi ola bilər” - MÜNASİBƏT BİLDİRİLDİ
“2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır. Məlumatlara əsasən, Tramp hər iki liderlə ayrı-ayrılıqda təkbətək görüşlər keçirəcək, daha sonra isə üçtərəfli müzakirələrin təşkili nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Elman Nəsirov sözlərinə belə davam edib: “Bu diplomatik təşəbbüs kontekstində Donald Trampın son dövrlərdə Azərbaycan və Türkiyə ilə sıx münasibətlər qurmağa və regionda fəal vasitəçi rolunu üzərinə götürməyə çalışdığı müşahidə olunur. Trampın bu prosesdə fəallığı, onun beynəlxalq arenada nüfuzunu artırmaq və tarixdə “sülh təşəbbüskarı” kimi qalmaq istəyi ilə izah olunur. Bildirildiyinə görə, Tramp Nobel Sülh Mükafatına namizəd olmaq niyyətini də açıq şəkildə bəyan edib.
Hazırda dünya siyasətində dörd əsas regional münaqişənin həlli üçün atılan addımlar arasında Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi xüsusi önəm daşıyır. Donald Trampın bu münaqişənin normallaşdırılması və sülh sazişinin imzalanması prosesinə töhfə vermək istəyi açıq şəkildə hiss olunur. Bu da ABŞ-ın regionda daha aktiv vasitəçi qismində çıxış etmək istəyinin təzahürü kimi qiymətləndirilə bilər.
Avqustun 8-də keçiriləcək görüşdə birbaşa sülh müqaviləsinin imzalanması gözlənilməsə də, bu istiqamətdə ciddi razılaşmaların və çərçivə sənədinin qəbul olunması ehtimalı yüksək qiymətləndirilir. Belə sənədin imzalanması gələcəkdə sülh sazişinin bağlanmasını sadəcə zaman məsələsinə çevirə bilər. Nəticə etibarilə, beynəlxalq ictimaiyyətin və region ölkələrinin diqqəti hazırda Vaşinqtona yönəlib. Bu görüş, sözün əsl mənasında regionun siyasi tarixində dönüş nöqtəsi ola bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə