Kamran Əliyev Keniyada cinayətkarlıqla mübarizədə təcrübə mübadiləsini müzakirə edib - FOTOLAR

Baş prokuror Kamran Əliyev Keniyada cinayət təqibinə qədər terrorçuluğun qarşısının erkən alınması üzrə milli yanaşmalara həsr olunmuş əsas sessiyaya sədrlik edib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iclasda radikallaşmanın qarşısının alınması və terrorçuluğun yaranma səbəblərinə erkən müdaxilə mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.

K.Əliyev Azərbaycanın terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa daim xüsusi önəm verdiyini vurğulayıb. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verib.

Sessiyada Uqandanın Baş prokuroru Ceyn Abodo, Cənubi Avstraliya ştatının Baş prokuroru Martin Kinton və Böyük Britaniya Ali Komissiyasının Nayrobidəki müşaviri Cenifer Ridel çıxış ediblər.

Panel müzakirələrində radikallaşma və zorakı ekstremizmin qarşısının alınması sahəsində prokurorluq orqanlarının tətbiq etdiyi preventiv müdaxilə mexanizmləri üzrə milli təcrübələr bölüşülüb.

Konfrans çərçivəsində Baş prokuror Birləşmiş Krallıq, Avstraliya, Uqanda, Tanzaniya, Zimbabve, Seyşel Adaları və digər ölkələrin baş prokurorları ilə ikitərəfli görüşlər keçirərək cinayətkarlıqla mübarizədə təcrübə mübadiləsi, hüquqi əməkdaşlığın və müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları barədə müzakirələr aparıb.

Azərbaycan nümayəndə heyətinin Keniyaya işgüzar səfəri başa çatıb.

Qeyd edək ki, iyunun 10-da Keniyanın Mombasa şəhərində Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin baş prokurorlarının 23-cü Konfransı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə