"Azərbaycan Avropanın enerji bazarında təmsil olunur" - ŞƏRH EDİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən Zirvə toplantısından əvvəl Budapeştdə bu ölkənin baş naziri Viktor Orbanla görüşü, aparılan danışıqlar, tərəflərin qarşılıqlı əlaqələr haqqında ürəkaçan fikirlər səsləndirməsi bir daha bizi əmin edir ki, Azərbaycanın xarici siyasətində tutduğu istiqamət doğrudur və milli maraqlara söykənir. Azərbaycan dostluğa sədaqətlidir, etibarlıdır. Bunu Macarıstanın Baş naziri Azərbaycan Prezidenti ilə görüşündə də səsləndirdi: “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”. Azərbaycan Macarıstanın və digər 7 Avropa İttifaqı ölkəsinin timsalında Avropanın enerji bazarında təmsil olunur. Bu siyahıya qoşulmaq istəyən ölkələrin sayı durmadan artır”. Bunu SİA açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı ilk dəfədir ki, Macarıstanda keçirilir: “Zirvə toplantısının tarixi əhəmiyyəti ondan ibarətdir ki, Avropa qitənin bir ucunda böyük müharibə gedir, digər bir ölkəsində - Macarıstanda isə beynəlxalq təlatümlərə rəğmən dost ölkələrin içtirakı ilə beynəlxalq münasibətlər müzakirə olunur.

Azərbaycan və Macarıstan liderlərinin görüşündə də deyildiyi kimi, hər iki ölkənin xarici siyasəti tam olaraq müstəqildir və heç bir ölkəyə qarşı deyil. Azərbaycan 44 günlük müharibədə böyük qələbə qazansa da, Ermənistanı tam olaraq məğlub etsə də, rəsmi İrəvanı kapitulyasiya aktına imza atmağa məcbur etsə də regionda sabitlik və inkişaf naminə sülh istəyir. Eyni ilə Macarıstan, bu ölkənin üzv olduğu Avropa İttifaqı Ukrayna-Rusiya müharibəsinin davam etməsi üçün dəridən-qabıqdan çıxır, rəsmi Budapeşt isə məsələnin həllində fərqli mövqedədir, Avropanın gələcəyini sülhdə görür".

Onun sözlərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi: “Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub”. Doğrudan da Viktor Orbanın yürütdüyü siyasət böyük iradə və qəhrəmanlıq tələb edir”- deyə o əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə