"28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
"28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür. 1918-ci ilin məhz bu günü müsəlman Şərqində ilk dəfə olaraq demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir. Bu hadisə ilə Azərbaycan xalqı öz milli dövlətçiliyini bərpa etmiş və dünya ictimaiyyətinə öz suverenliyini bəyan etmişdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, bu dövrdə mühüm tarixi islahatlar həyata keçirilmiş, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur: "Cümhuriyyətin yaradılması ilə Azərbaycan torpaqlarında ilk dəfə olaraq xalq hakimiyyətinə əsaslanan idarəetmə forması tətbiq olunmuş, insan hüquq və azadlıqları, milli və dini azlıqların hüquqları təmin olunmuşdur. Ən önəmli hadisələrdən biri isə qadınlara seçki hüququnun verilməsi olmuşdur ki, bu, həmin dövr üçün çox irəlidə olan bir addım idi və Azərbaycanın dünyəvi, bərabər hüquqlu cəmiyyət qurmaq niyyətini nümayiş etdirirdi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdə, hüquqi və siyasi varis kimi məhz Azərbaycan Xalq Cümhuriyyətinə istinad etmişdir. Bu gün müstəqil Azərbaycan Respublikası həmin dövrün ideallarını yaşadır və inkişaf etdirir. Ulu Öndər Heydər Əliyevdə bu günün önəmini hər zaman diqqətdə saxlamışdır. Cənab Prezident İlham Əliyev hər zaman bu günə önəmli dəyər vermiş və hər zaman 28 Mayı diqqətdə saxlamışdır.
28 May – Respublika Günü təkcə tarixi bir hadisənin ildönümü deyil, eyni zamanda xalqımızın azadlıq, müstəqillik və dövlətçilik uğrunda mübarizəsinin simvoludur. Bu gün gənc nəsil öz tarixini daha dərindən öyrənməli, Respublika Gününün mənəvi dəyərini anlamalı və bu irsi yaşatmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə