AQTA ilə İran arasında baytarlıq nəzarəti tədbirləri üzrə işçi qrupları yaradılacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İranın Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, sənədi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq imzalayıblar.

Memoranduma əsasən, AQTA və İranın Baytarlıq Təşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcək. Bununla yanaşı regionda yoluxucu heyvan xəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonunda hər iki dövlətin əhalisinin və ətraf mühitinin bioloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər icra edəcəklər.

Anlaşma Memorandumu çərçivəsində Azərbaycanın İran ilə dövlət sərhədinə bitişik ərazilərdə epizootiya əleyhinə, o cümlədən nəzarət, peyvəndləmə, monitorinq və sair birgə tədbirlərin təşkili təmin ediləcək. Həmçinin sərhəddə baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Memorandumda bundan başqa, qeyd edilən sahələr üzrə AQTA ilə İranın Baytarlıq Təşkilatı nümayəndələrindən və ekspertlərdən ibarət işçi qrupların yaradılması, birgə tədqiqatların aparılması, heyvan xəstəliklərinin laboratoriya diaqnostikası üzrə birgə təlim və məşqlərin keçirilməsi, məlumat mübadiləsinin aparılması, görüşlərin təşkili kimi məsələlər öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə