Ceyhun Bayramov Mövlud Çavuşoğluya başsağlığı vermək üçün Alanyaya gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin millət vəkili, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı ailəsini ziyarət edib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bayramov Çavuşoğlu ailəsinə başsağlığı vermək üçün bu gün Alanyaya gedib.

Siyasətçinin ailəsini ziyarət etmək üçün Türkiyənin mədəniyyət naziri Mehmet Ersoy da daxil olmaqla bir çox rəsmilər, millət vəkilləri və dövlət qulluqçuları gəlib.

Səfərdən sonra Ceyhun Bayramov yerli mediaya açıqlamasında Alanyaya çoxdankı dostu və qardaşı Mövlud Çavuşoğlunun dərdini bölüşmək üçün gəldiyini söyləyib.

“Allah Osman Çavuşoğluya rəhmət eləsin, ailəsinə başsağlığı veririk. Azərbaycanda hamı Mövlud Çavuşoğlunu sevir və ona hörmət edir, o, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına hər zaman xüsusi önəm verib. Bu gün burada bütün Azərbaycan xalqı adından başsağlığı veririk”, - nazir deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə