"Antalya Forumu dünya ölkələrinin diqqətini çəkən ciddi beynəlxalq platformadır" - ŞƏRH EDİLDİ
“Antalya Diplomatiya Forumu dünya ölkələrinin diqqətini çəkən ciddi beynəlxalq platformadır. Dünyanın müxtəlif sınaqlardan keçdiyi indiki dövrdə qlobal diplomatiyada da yeni yanaşmalara və qətiyyətli addımlara addımlara ehtiyac duyulur. Planetin hər yerində baş verən qlobal hadisələr problemlərin diplomatiya yolu ilə həll edilməsinin vacibliyini önə çəkir. Bu günlərdə Türkiyədə keçirilən və üç gün davam edən IV Antalya Diplomatiya Forumunun (ADF 2025) əsas hədəfi də məhz dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Hüseynli deyib.
Onun sözlərinə görə, toplantı geniş coğrafiyanı əhatə edən təmsilçiliklə yadda qalıb: "Bu, Antalya Diplomatiya Forumunun dünya ölkələrinin diqqətini çəkən ciddi beynəlxalq platformaya çevrildiyinin göstəricisidir. Belə ki, Forumun işinə 100-ə yaxın dövlət və hökumət başçısı, nazirlər, deputatlar, QHT-lər, dünyanın tanınmış ictimai-siyasi xadimləri, mətbuat qurumlarının nümayəndələri də daxil olmaqla, dünyanın 155 ölkəsindən ümumilikdə 6 mindən artıq iştirakçı qatılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında Azərbaycan tədbirdə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə geniş heyətlə təmsil olunub. Ölkəmizin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da ilk dəfə ADF-də iştirak etmələri əlamətdar hadisədir".
Həmçinin Əli Hüseynli qeyd edir ki, tədbirdə bir çox qlobal hadisələrlə yanaşı, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh sazişi, Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edilib: "İştirakçılar forumun işini yüksək qiymətləndirərək tədbirin sadəcə geosiyasi məsələlər deyil, bəşəri problemlərə də geniş yer ayırdığını qeyd etmişlər. Burada irqçiliklə mübarizə, qadın hüquqlarının qorunması kimi bir çox bəşəri məsələlər müzakirə olunmuşdur. Toplantı çərçivəsində keçirilmiş bir çox ikitərəfli görüşlər və panellərdə iştirakçılar öz baxışları çərçivəsində dünyanın müxtəlif bölgələrindən olan həmsöhbətləri ilə görüşmək imkanı əldə etmişlər. Bütün bunlar forumun birləşdirici gücünü bir daha nümayiş etdirir.
Bununla da Türkiyə dünyada baş verən qarşıdurmaların aradan qaldırılmasında konstruktiv və vasitəçi mövqeyini, yenidən formalaşan Avropa təhlükəsizlik mexanizmində aktiv rolunu davam etdirmək əzmini göstərir. Şübhə yoxdur ki, hər zaman və hər bir işdə olduğu kimi, bu məsələdə də Azərbaycan beynəlxalq arenada sərgilədiyi siyasi mövqeyi və dəstəyi ilə qardaş ölkənin yanında olduğunu nümatyiş etdirməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə