Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb.

Səfirin sözlərinə görə, onlar əsasən itkin düşmüş və ya həlak olmuş Ukrayna hərbçilərinin uşaqlarıdır.

Y.Qusev vurğulayıb ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında uşaqları Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə qarşılayıblar.

"Uşaqlar Quba sanatoriyasında reabilitasiya keçə, Azərbaycan mədəniyyəti ilə tanış ola, Bakının görməli yerlərini, o cümlədən Ukrayna Mərkəzini ziyarət edə biləcəklər", - məlumatda bildirilib.

Diplomat həmçinin əlavə edib ki, bu, reabilitasiya üçün Ukraynadan gələn uşaqlardan ibarət doqquzuncu qrupdur.

"Dəstəyə görə Azərbaycana və onun xalqına təşəkkür edirik. Bu, təkcə dostluğun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə mühüm töhfədir", - Y.Qusev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə