"Avropanın bir neçə dövlətləri qərəzli davranışından əl çəkmir" - POLİTOLOQ FİKRİ
"Azərbaycan xarici siyasət doktrinasından asılı olaraq balanslaşdırıcı siyasətə üstünlük verir. Azərbaycan həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə iqtisadi və siyasi maraqlarını balanslaşdırır. Yəni böyük güclərin təsirində deyil, ölkəmiz böyük güclərin maraqları ilə Azərbaycanın maraqlarını uzlaşdırmaqdadır. Bu baxımdan Azərbaycan ilə Avropa arasında iqtisadi sahədə geniş bir əməkdaşlıq var. Avropanın 10-a yaxın dövləti Azərbaycanı enerji təhlükəsizliyi ilə təmin etmək üçün müqavilələr bağlayıb və bu sahədə iqtisadi maraqlarını uzlaşdırır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın siyasətə, siyasətin də iqtisadiyyata bağlılığı var: "Azərbaycanın Avropa dövlətləri ilə siyasi münasibətlərini də balanslaşdırmaq niyyəti var. O baxımdan Avropanın aparıcı dövlətlərindən olan Almaniya ilə də bu səpkidə danışıqların intensiv xarakter alması, o cümlədən də Almaniyanın prezidentinin Azərbaycana səfəri hesab edirəm ki, Azərbaycan Almaniya münasibətlərinin yaxşılaşmasına hesablanmış bir addımdır. Amma məsələ burasındadır ki, Avropanın bir neçə dövlətləri Azərbaycana qarşı qərəzli davranışından əl çəkmir. Hətta Almaniya prezidentinin Cənubi Qafqaza səfəri, o cümlədən də birinci Ermənistana, daha sonra Azərbaycana gəlməsi, Ermənistanda verdiyi bəyənatlar bir qədər reallıqdan kənar olan bəyanatlardır".
Politoloq qeyd edir ki, Almaniya prezidentinin bəyanatlarından da biri Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olmasını dəstəkləsə belə, ancaq qarşılıqlı güzəşt fikirini ifadə edir: "Yəni güzəşt deyiləndə nə nəzərdə tutulur? Azərbaycanın şərtləri var. Şərtlər bundan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki sülh sazişinin təməl prinsipi nədir? İki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Ermənistan isə rəsmi şəkildə öz konstusiyasında qeyd edir ki, Azərbaycan ərazi bütövlüyünü tanımır. Belə olan təqdirdə Azərbaycanın ortaya qoyduğu, tələb etdiyi şərtlər, yəni Ermənistan konstitusiyasını dəyişməlidir. Həmçinin Azərbaycan ərazi bütövlüyünü tanımalıdır. Azərbaycan ərazisinə iddialı məqamları aradan qaldırmalıdır. Yəni Ermənistan xalqı bu fikiri referendum yolu ilə öz iradəsini nümayiş etdirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə