"Qarabağ və Şərqi Zəngəzurda nümunəvi şəhərsalma təcrübəsi reallaşır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
O bildirib ki, son 5 ildə Ağdamın da siması dəyişir: "Burada şəhər və kəndlər müasir standartlara uyğun şəkildə bərpa olunur. Prezident İlham Əliyevin Sarıcalı kəndinə səfəri zamanı biz növbəti inkişafın şahidi olduq. 2022-ci ildə təməli qoyulan Sarıcalı kəndi artıq doğma sakinlərini qarşılayıb. Kənd ümumilikdə 425 ailə üçün planlaşdırılıb. Dövlət başçımız ilkin mərhələdə öz doğma yurduna qayıdan sakinlərə mənzilləri açarlarını təqdim etdi.
2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər nəticəsində Kəlbəcər və Laçın kimi Ağdam da 1 güllə atmadan düşmən tapdağından azad olundu. Ağdamın mənzərəsi dəhşətli idi. Burada daş daş üstə qalmamışdı. Ağdam şəhəri faktiki yox idi. Yalnız Cümə məscidinin qalıqları qalmışdı, düşmən onu hərbi məqsədlər üçün, artilleriya atəşinin tənzimlənməsi niyyəti ilə saxlamışdı. Düşmənin bu davranışın bir neçə səbəbi var idi. Prezident İlham Əliyev Ağdama səfər zamanı da bildirmişdi ki, bunun ilk səbəbi bizə olan nifrət idi. “İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin”.
Ağdam həmçinin ən çox mina ilə çirkləndirilmiş bölgədir. Bununla belə, son 5 ildə Ağdamda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.
2021-ci il müstəqillik günündə - mayın 28-də Ağdam şəhərinin bərpasına başlandı. Bu tarix də təsadüfən seçilməmişdi. Beləlklə, azad edilmiş torpaqlarda birinci Baş Plan Ağdamda təsdiqləndi. Əsas plan 33 kəndin ətrafında quruldu. Kəngərli, Baş Qərvənd, Sarıcalı, Xıdırlı kimi onlarla kəndin təməli qoyuldu.
Bu gün Ağdamda irimiqyaslı sənaye parkları inşa edilib, tarixi-mədəni abidələr bərpa edilməkdədir. Vaxtilə ərazisi 700-800 hektar olan Ağdam indi iki dəfə böyüdülüb. Dövlət başçımızının da söylədiyi kimi, biz Ağdamın timsalında elə bir şəhər qurmuşuq ki, bütün dünya üçün örnəkdir.
Eyni zamanda bura qayıdan soydaşlarımızın sosial rifahının təmin olunması istiqamətində də addımlar atılır. Bu isə onu göstərir ki, işğaldan azad edilmiş rayonlara qayıdan sakinlərin iş yerləri ilə təmin olunması, onların sosial rifah halının yaxşılaşdırılması dövlətimizin qarşısında duran başlıca vəzifədir.
Bütün xəbərlər Facebook səhifəmizdə