Xarici işlər nazirinin müavini Pekində Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb
Çin Xalq Respublikasında səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov martın 27-də Pekində Çinin nüfuzlu beyin mərkəzlərindən olan Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb. SİA xəbər verir ki, nazir müavini Azərbaycanın xarici siyasəti, beynəlxalq və regional məsələlərə dair mövqeyi, dost ölkələrlə, o cümlədən Çin Xalq Respublikası ilə münasibətləri barədə danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan beynəlxalq birliyin layiqli üzvü kimi fəal xarici siyasət yürüdür, dünyada sülhün, sabitliyin, ədalətin təminatı, bərabərhüquqlu əməkdaşlığın inkişafı üçün səy göstərir. Rəsmi Bakı qlobal məsələlərin həllində daha aktiv rol oynamaqda maraqlıdır.
Qeyd olunub ki, Azərbaycan Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla həm tarixi ədaləti, həm ərazi bütövlüyünü və suverenliyini bərpa edib, həm də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini təkbaşına icra edib.
Azərbaycanın Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə olunması üçün səylərinin davametdirdiyini vurğulayan diplomat, ölkəmizin qətiyyəti sayəsində yaranan yeni reallıqların region ölkələri üçün yeni və mühüm əməkdaşlıq imkanları yaratdığını söyləyib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizlə işlərindən, işğal dövründə tam dağıdılmış infrastrukturun yenidən qurulmasından, tarixi-mədəni irsin bərpasından danışıb, bu işlərdə xarici şirkətlərin, o cümlədən Çin firmalarının fəal iştirakının əhəmiyyəti vurğulayıb.
Nazir müavini Azərbaycan-Çin münasibətlərindən danışaraq, dövlətlərimizin başçıları İlham Əliyev ilə Si Cinpin arasında dostluğa, qarşılıqlı etimada və hörmətə əsaslanan fəal dialoqun formalaşdığını vurğulayıb, bu amilin iki ölkənin münasibətlərinin inkişafı və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsi üçün istiqamətverici amil olduğunu bildirib. Diqqətə çatdırıb ki, ötən ilin iyulunda Astanada dövlət başçılarının görüşündə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına dair Birgə Bəyannamə qəbul olunub. Bu, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə yüksəlməsi ilə yanaşı, iki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da inkişafı üçün yeni yollar açıb.
E.Məmmədov iki ölkənin iqtisadi əməkdaşlığına toxunaraq, Cənubi Qafqazın ÜDM-nin 70 faizini təmin edən Azərbaycan ilə Çinin ticarət dövriyyəsinin 2023-cü illə müqayisədə ötən il 20,7 faiz artdığını, Çinin Azərbaycanın ən böyük 5 ticarət tərəfdaşından biri olduğunu, ölkəmizdə 300-ə yaxın Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini deyib. O, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı üzrə əməkdaşlığın genişləndirilməsi üçün işlərin həyata keçirildiyini bildirib, Çinin müxtəlif şəhərlərində Azərbaycan Ticarət və ya Şərab Evləri təsis olunduğunu bildirib.
E.Məmmədov tarixən ticarət yollarının üzərində önəmli rol olan Azərbaycanın son illər yaratdığı nəqliyyat-logistika infrastrukturunun qərb ilə şərq, şimal ilə cənub arasında yüklərin daşınması üçün əlverişli imkanlar açdığını, Çindən sonra Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsinə həm öz ərazisində, həm də onun hüdudlarından kənarda ən çox sərmayə qoyan ölkə olduğunu diqqətə çatdırıb. Ötən ilin 9 ayında Azərbaycan və Çin arasında tranzit daşımaların həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 78 faiz artıb.
Nazir müavini çıxışında ölkələrimizin turizm, humanitar, elm və təhsil sahəsində əlaqələrindən söz açıb, bu işlərdə Heydər Əliyev Fondunun böyük rolunu qeyd edib, iki ölkənin regionları arasında formalaşan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə