Fransa şirkəti hərbi təyyarə istehsalını sürətlə artırmağı planlaşdırır
Aviasiya və müdafiə sənayesi şirkəti olan “Dassault Aviation” istehsalı sürətlə artırmağı planlaşdırır və Emmanuel Makronun tələb etdiyi kimi, geosiyasi turbulentlik qarşısında ayda beşə qədər “Rafale” təyyarəsi tədarük etməyin mümkünlüyünü araşdırır. Ancaq hələ konkret sifarişçilər yoxdur.
SİA xəbər verir ki, Fransa prezidenti hökumətin geosiyasi dəyişikliyə cavab olaraq, yeni müdafiə investisiyaları çərçivəsində Hərbi Hava Qüvvələri üçün “Rafale” təyyarələri sifarişlərini artıracağını və sürətləndirəcəyini elan edib. Bu xəbərdən sonra “Dassault Aviation”un baş direktoru Erik Trappye yerli televiziya kanalına müsahibəsində şirkətin istehsalı sürətləndirəcəyini bildirib.
“Bu gün biz ayda ikidən çox (təyyarə - red.) istehsal edirik və tempi daha da artıracağıq. 2020-ci ildə biz ayda birdən az “Rafale” istehsalına çatdırdıq. Bu gün biz ayda ikidən çox təyyarə istehsal edirik və sürəti daha da artıracağıq. Gələn il ayda üç “Rafale” tədarükünə, 2028-29-cu illərdə isə bu sayı dördə çatdırmağı planlaşdırırıq”, - deyə “Dassault Aviation”un baş direktoru Erik Trappye bildirib.
Ayda 5 “Rafale” istehsal etmək imkanlarının araşdırıldığını deyən baş direktor hələ konkret sifarişlərin olmadığını qeyd edib. Bildirib ki, “Dassault Aviation” öz təyyarələrini Portuqaliyaya təklif etmək istəyir. O, “Rafale”ın Hindistana çatdırılmasına da inandığını və bununla bağlı uzun müddətdir müqavilə hazırlandığını söyləyib.
“Dassault Aviation”un baş direktoru həmçinin, tədarükün bir hissəsinin ABŞ-dan alındığını və Amerika gömrük tariflərinin istehsala təsir göstərdiyini deyib. Qeyd edək ki, ötən həftə Fransa prezidenti Emmanuel Makron 2035-ci ilə qədər “Luxeuil-les-Bains”dəki 116-cı aviabazaya nüvə başlıqları ilə təchiz edilmiş iki yeni, modernləşdirilmiş “Rafale” eskadrilyasını yerləşdirməyi planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, E.Makron Rusiyanın Fransa və Avropa üçün təhlükə olduğunu bildirərək, fransız ordusunun Hava Qüvvələri üçün təxminən 20, Fransa Hərbi Dəniz Qüvvələri üçün təxminən 10 ədəd “Rafale” lazım olması ilə bağlı Silahlı Qüvvələr nazirinin fikirlərini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə