Ötən il münaqişə baş verən ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşı olan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması istiqamətində işlərə başlanılıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, bu addım azərbaycanlıların müharibələrdə həlak olmasının qarşısının alınması məqsədilə atılıb.
Həmçinin xarici ölkələrdə hərbi münaqişə, dini radikalizm, ekstremizm və insan alveri qurbanı olmuş və ya bu sahədə müəyyən çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına konsulluq və hüquqi yardımın daha da gücləndirilməsi istiqamətində işlər görülüb.
Bunlarla yanaşı, Azərbaycan vətəndaşlarının repatriasiyası prosesi davam etdirilib.
Qeyd edək ki, ötən il deputatlar xaricdə yaşayan azərbaycanlılara hüquqi yardım və dəstəyin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildiriblər. Buna əsas olaraq isə münaqişə baş verən ölkələrdə yaşayan azərbaycanlıların müharibələrdə həlak olması məsələsi göstərilib. Bu ölkələrin vətəndaşı olan soydaşlarımızın Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması Milli Məclis üzvləri tərəfindən təklif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə