Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib, hüquqi problemlərin həlli üçün yeni təkliflər müzakirə edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror Kamran Əliyev deyib ki, ilk növbədə hüquq-mühafizə sahəsində fəaliyyət göstərən dövlət məmurları təcrübədə rastlaşdıqları hüquqi problemləri dərindən təhlil etməli, onların optimal həlli yollarını müəyyən etməli və hüquq ictimaiyyətinin müzakirəsinə çıxarmalıdırlar.
İclasda peşə səhlənkarlığına görə cinayət məsuliyyətinin müəyyən edilməsi, vergi və “qara mühasibatlıq” sənədlərinin ekspertizası zamanı yaranan fikir ayrılıqları və ziddiyyətlər, habelə milli və xarici valyutadan istifadə etməklə törədilən müxtəlif kateqoriya cinayətlər üzrə pul vəsaitlərinin cinayətin alət və vasitəsi kimi qiymətləndirilməsində olan problemlər müzakirəyə çıxarılıb.
İclas çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Milli və beynəlxalq qanunvericiliyin kontekstində: etik davranış qaydaları və şəxsi həyat anlayışı” adlı məcmuənin, eləcə də Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi ilə birgə hazırlanmış “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin cinayət-hüquqi xarakteristikası və istintaq təcrübəsi” adlı metodiki vəsaitin təqdimatları keçirilib.
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında qaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb, Şura üzvlərinin rəy və təklifləri dinlənilib, təqdimatları keçirilmiş vəsaitlər maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə