"Ümummilli Lider Novruz bayramının təntənə ilə keçirilməsi üçün əlindən gələni etdi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Ümummilii Lider Heydər Əliyev Novruz bayramını xüsusi bayram kimi dəyərləndirirdi. Çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycanda bayramlar çoxdur. Rəsmi, dövlət və dini bayramlar var, amma Novruz bayramı hər bir azərbaycanlının ürəyinin bayramıdır. Düşünürəm ki, bu Novruz bayramına onun xalqımızın tarixindəki mənəvi yerinə verilən ən böyük qiymətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Novruz bayramı Azərbaycanda təntənə ilə qeyd olunur: "Sovet dövründə bu bayram məhdudlaşdırılsa da, bəzən qadağan edilsə belə Azərbaycan xalqı öz milli bayramını həmişə coşqu ilə qeyd etdi. Həmçinin Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu bayramın əvvəlki təntənə ilə keçirilməsi üçün əlindən gələni etdi. Paytaxtımızın geniş küçə və prospektlərində bayram şənlikləri təşkil olundu. Bu bayramlarda şəxsən Ümummilli Lider Heydər Əliyev özü iştirak etdi. Bayram adətlərimizin yerinə gətirilməsi, bayramda nümayiş etdirilən folklor nümunələrinin yenidən bərpa olunması istiqamətində çox böyük işlər gördü.

Bu gündə Azərbaycan xalqı bu bayramı böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edir. Ona görə ki, bu gün Ulu Öndərin yaratdığı müstəqil dövlət qalib dövlətə çevrilib. O dövrdə Novruz bayramını bir gün Şuşada, Laçında, Qarabağda, Şərqi Zəngəzurda keçiriləcək deyə arzu etdiyimiz günləri, bu gün yaşamaqdayıq. Bununla yanaşı bu gün işğaldan azad olunmuş ərazilərimizdə, Xankəndi, Şuşa başda olmaqla, hər yerdə Novruz bayramının qeyd olunması təkcə Azərbaycan xalqının çoxəsrlik arzularının təntənəsi deyil, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təntənəsidir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə