Dini Komitənin sədri Rumıniya dövlət katibinin etniklərarası münasibətlər üzrə müavini ilə görüşüb - FOTOLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 3-də Rumıniyanın dini məsələlər üzrə dövlət katibinin etniklərarası münasibətlər üzrə müavini Dincer Geafer ilə görüşüb. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.
Dövlət katibinin müavini Rumıniyada milli və dini azlıqların fəaliyyəti, bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanın cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkib, ölkədə etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasını müsbət hal kimi dəyərləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq ənənələrinin inkişaf etdirildiyini vurğulayan R.Məmmədov ölkədəki etnik-dini müxtəliflik haqqında məlumat verib. Fərqli konfessiyaların və xalqların dinc yanaşı yaşamasının Azərbaycanda uğurlu dövlət-din münasibətləri modelinin göstəricisi olduğunu qeyd edib.
Eyni zamanda Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqun dərinləşməsinə xidmət edən qlobal təşəbbüslərlə çıxış etdiyini bildirib.
Daha sonra tərəflər əməkdaşlığın inkişafı ilə bağlı məsələlər ətrafında müzakirə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə