"Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTOLAR
Qərbi Azərbaycan İcması (QAİ) Qadınlar Şurasının dəstəyi və təşkilatçılığı ilə onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində keçirilən konfransın məqsədi mart ayının dünyada qadın haqları aylığı olmasını nəzərə alaraq, beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycandan qovulmuş qadınların pozulmuş hüququna cəlb etməkdir. Konfransda 12 ölkədən diaspora fəaliyyətində iri layihələr həyata keçirən 50-yə yaxın nüfuzlu qadın iştirak edib.
Konfransda İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri Ramata Myabe və İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq ekspert Dinara Quliyeva, xaricdə fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Təşkilatının və Odlar Yordu Təşkilatının rəhbərləri və üzvləri də iştirak edib
Konfransın moderatoru, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı İcmanın, xüsusən də Qadınlar Şurasının məqsəd və vəzifələri, fəaliyyət planı, Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər haqqında məlumat verib. O, qısa müddət ərzində Qərbi Azərbaycana qayıdış Konsepsiyasının vahid milli ideologiyaya çevrilməsindən danışıb.
Konfransın açılışında çıxış edən Qadınlar Şurası Beynəlxalq əlaqələr üzrə Koordinasiya Şurasının rəhbəri Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas prinsiplərini şərh edib. İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri Ramata Mbaye qurumla Azərbaycan arasında əməkdaşlığı xüsusi vurğulayıb. Azərbaycanın İSESCO üçün önəmli ölkə olmasını qeyd edən Ramata Mbaye təqdimatında İcma ilə, xüsusən də Qadınlar Şurası ilə yaranmış yeni və uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərini bildirib.
İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq layihələr üzrə tanınmış ekspert Dinara Quliyeva, Belçikadan İlahə Tağıyeva, İsveçdən Səadət Kərimi, Türkiyədən Aysel Sadak, Nigar Ögeday, Elif Selcuk, Eda Genday, Antaliyada tanınmış doktor Esmaya Novruzova, Şəhla Bayramova, Təranə Musayeva, Bostondan Laçın Babayeva, Milli Məclisin üzvləri Səbinə Salmanova, Günay Ağamalı, Səbinə Xasayeva və Pərvanə Vəliyeva konfransda çıxış ediblər. Onlar Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsində qadınların xüsusi rolunu və verə biləcəyi töhfələri qeyd ediblər.
Sonda konfrans iştirakçıları adından beynəlxalq təşkilatlara və dünyanın Birinci xanımlarına müraciət qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə