“Bütün dövrlərdə bu prosesin içərisində yer alacayıq” - PARTİYA SƏDRİ DANIŞDI

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin rəhbərliyi ilə Suverenliyin bərpası: “Siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda keçirilən dəyirmi masada söhbət yalnız partiyalarının inkişafından getmir. Söhbət cəmiyyətin konsensus şəraitində yaşamasından və problemləri, onları narahat edən məsələləri masa arxasında müzakirədən gedir. Bu ənənə Azərbaycanda uzun müddət yox idi. 2020-ci ildən etibarən isə bu formalaşma prosesi başladı. Prezident Administrasiyasının müvafiq şöbəsi bu məsələdə israrla bir xətt aparır”. Bu sözləri SİA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İqbal Ağazadə sözlərinə belə davam edib: “Demirik ki, hər şey görüşlər yolu ilə həll olunur. Lakin demokratikləşmənin ən vacib şərtlərindən biri konsensusa gəlmək imkanlarının normal şəkildə təbliğidir. Biz konsensus şəraitində oturub masa arxasında müzakirə apara bilərik. Bu, birinci addımdır. Bundan sonrakı addım problemlərin həllidir. Daha sonra isə müzakirələr aparılmalı və bu müzakirələrin nəticəsində yekun qərara gəlinməlidir. Mən bunu çox ciddi şəkildə təqdir edirəm. Hesab edirəm, Ümid Partiyası olaraq bütün dövrlərdə bu prosesin içərisində yer alacayıq. Ona görə də təqdir edirik, iştirak edirik burada həmişə”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə