Kəmaləddin Heydərov Belarus səfiri ilə görüşüb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belarus Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüşüb. SİA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Görüşdə Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunmağı münasibətilə qonağa təbriklərini çatdıran nazir Kəmaləddin Heydərov tarixən dostluq və qarşılıqlı hörmət prinsiplərinə söykənən Azərbaycan-Belarus münasibətlərinin son illər sürətli və hərtərəfli inkişafının əsasında dövlətlərimizin başçılarının uzaqgörən siyasəti və qarşılıqlı etimadının dayandığını xatırladıb.

Nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat verib və bu sahədə Belarusun aidiyyəti qurumları ilə sıx əməkdaşlıq münasibətlərindən danışıb.

Qeyd edib ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı ilin oktyabrında Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında saziş qurumlar arasında əlaqələrin qurulması və inkişafında mühüm əhəmiyyət kəsb edib. Fövqəladə hallarla mübarizə üzrə müxtəlif istiqamətlər, o cümlədən təlim-tədris sahəsində əlaqələrin daim genişləndiyini bildirən nazir ötən ilin iyun ayında Belarusa rəsmi səfəri zamanı imzalanmış və 2025-2027-ci illəri əhatə edən Kompleks Tədbirlər Planının uğurla icra edilməsindən danışıb.

Görüşə görə təşəkkürünü bildirən Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç dövlətlərimizin başçılarının qarşılıqlı etimada və hörmətə söykənən münasibətlərinin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşdirilməsində fundamental əhəmiyyət daşıdığını vurğulayıb. Bu çərçivədə səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə