Səfir Rusiya parlamentini Xocalı hadisələrinə ədalətli qiymət verməyə çağırıb - FOTOLAR

Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, mərasimdə ictimaiyyət nümayəndələri, alimlər, tələbələr, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Səfirliyin foyesində 1992-ci ilin fevral hadisələrindən bəhs edən, Xocalı faciəsi qurbanlarının fotoşəkillərindən ibarət xatirə stendi quraşdırılıb. Mərasim iştirakçıları stendin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xocalı faciəsinin baş verməsi tarixini, səbəb və nəticələrini xatırladıb, o dövrün hadisələrindən ətraflı danışıb. O, bu faciənin müasir tarixdə dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olduğunu vurğulayıb. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının rolu ayrıca qeyd olunub. Səfirin sözlərinə görə, bu kampaniya faciənin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib: “Kampaniyanın başlanmasından 16 ildən çox vaxt keçib və o, kifayət qədər səmərəli olduğunu sübut edib. 18 ölkənin parlamenti bu hadisəni bəşəriyyətə qarşı cinayət kimi pisləyib”, -deyə diplomat vurğulayıb.

R.Mustafayev xatırladıb ki, 2012-ci ildə Avropa Şurası Parlament Assambleyası Xocalı faciəsini pisləyən qətnamə qəbul edib və digər beynəlxalq təşkilatları bu hadisələrə düzgün hüquqi qiymət verməyə çağırıb.

Səfir vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyəti, o cümlədən Rusiya parlamentini Xocalı hadisələrinə ədalətli hüquqi qiymət verməyə çağırır. “Ümidvaram ki, Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının da bu problemə diqqət yetirəcəyi və ədaləti bərpa edəcəyi, həmin faciəli hadisələrin etirafına çevriləcək müvafiq qərar qəbul edəcəyi gün gələcək”, - deyə o bildirib.

R.Mustafayev işğaldan azad edilmiş ərazilərin, o cümlədən Xocalının bərpası prosesindən də bəhs edib. O qeyd edib: “Bu gün biz Xocalı soyqırımının ildönümünü xüsusi reallıqda - Qarabağın işğaldan azad edilməsi şəraitində qeyd edirik. Sosial-iqtisadi həyatın bərpası və yenidən qurulması istiqamətində fəal iş aparılır. Məktəblər və infrastruktur obyektləri bərpa olunur, minatəmizləmə işləri aparılır”.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması məsələsində Azərbaycan diasporunun roluna xüsusi diqqət yetirilib. Səfir xaricdəki soydaşlarımızı bu istiqamətdə daha fəal olmağa çağırıb.

“Biz Rusiyada və digər ölkələrdəki soydaşlarımızın bundan sonra da bu istiqamətdə fəal iş aparacaqlarını, Xocalı faciəsi ilə bağlı həqiqətləri dünyaya çatdıracaqlarını, ədalət uğrunda mübarizəni davam etdirəcəklərini gözləyirik”, - deyə R.Mustafayev əlavə edib.

Tədbirdə dağıdılmış şəhərlərin bərpasına Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan kimi dövlətlərin mühüm dəstək verdiyi bildirilib. Qeyd olunub ki, Rusiyanın Həştərxan vilayəti Qubadlı rayonunda uşaq bağçası tikir.

Tədbirdə tarix elmləri doktoru, professor Stanislav Çernyavski də çıxış edərək Xocalı faciəsinin dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olduğunu diqqətə çatdırıb: “Hər il bu hadisənin qurbanları yad ediləndə günahsız insanlara ən dərin mərhəmət hissi yaranır. Lakin bu gün həmin duyğular nəhayət ədalətin zəfər çalmasının məmnunluğu ilə tamamlanır”.

O vurğulayıb ki, uzun illərdir münaqişənin sülh yolu ilə həlli istiqamətində diplomatik səylər nəticəsiz olub və yalnız Azərbaycanın qətiyyətli addımları ölkənin ərazi bütövlüyünü bərpa etməyə imkan verib: “Heydər Əliyev Qarabağ məsələsinin diplomatik yolla həlli üçün bütün imkanlardan istifadə edib. Xarici nümayəndə heyətləri ilə hər görüş, beynəlxalq forumlara hər səfər mütləq Qarabağ məsələsinin müzakirəsini ehtiva edirdi”.

Alim qeyd edib: “Azərbaycan xalqı uzun illər haqq-ədalətin zəfər çalacağını gözləyib, işğal altındakı torpaqların nə vaxt azad ediləcəyi ilə maraqlanıb. Bu gün Azərbaycan rəhbərliyinin səyləri nəticəsində Qarabağ öz ölkəsinin nəzarətinə qayıdıb”.

Regionun gələcəyindən danışan S.Çernyavski Xocalının və işğaldan azad edilmiş digər ərazilərin yenidən dirçələcəyinə əminliyini ifadə edib: “Qarabağ indi ermənilərin əlində olan yoxsul region deyil, çiçəklənən bir bölgə olacaq”.

Mərasimdə Rusiyada təhsil alan azərbaycanlı tələbələr də çıxış ediblər. Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş kamera musiqisi konserti ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə