MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Bəhreyndə təqdim edilib - FOTOLAR
Bəhreynin məşhur İncəsənət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak edib. SİA xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda Heydər Əliyev Mərkəzində uğurlu debütünü edən MAMA “Ana təbiət” sərgisi Bəhreyndəki təqdimatla iqlim dəyişiklikləri üzrə həyati mesajı dünyaya yaymaq üçün səyahətə başlamış olur.
Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi, Bəhreynin RAK İncəsənət Fondu və Bəhreyn Mədəniyyət və Qədim Əsərlər İdarəsinin birgə təşkil etdiyi sərgi ətraf mühitin qorunmasının vacibliyinə incəsənət vasitəsilə bir çağırışdır.
RAK İncəsənət Fondunun təsisçisi, rəssam Raşid Al Xəlifə sərginin Bəhreyndə keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, MAMA “Ana təbiət” sərgisinin təqdimatı mədəni mübadilənin təşviqi istiqamətindəki davamlı səyləri gücləndirir. “MAMA beynəlxalq sərgisinə ev sahibliyi etməklə yerli incəsənət mühitimizi daha da zənginləşdirir və ətraf mühitin qorunması kimi mühüm məsələlərdə qlobal dialoqu təşviq edirik”, - deyə Raşid Al Xəlifə bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, MAMA “Ana təbiət” incəsənət layihəsi vasitəsilə mövcud problemlərin həllinə kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. Leyla Əliyeva bildirib ki, qlobal istiləşmə dövründə dayanıqlıq çağırışı heç vaxt bu qədər zəruri olmamışdı. O, gələcək nəsillər naminə planetimizi qorumaq istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Sərgidə Raşid Al Xəlifə, Leyla Əliyeva ilə yanaşı, 29 ölkədən 55 rəssamın ərsəyə gətirdiyi 100-dən çox fərqli sənət əsərləri nümayiş etdirilir.
MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Bəhreyn İncəsənət Mərkəzində martın 25-dək davam edəcək. Bu müddətdə ziyarətçilər hazırda üzləşdiyimiz ətraf mühit problemləri ilə bağlı müxtəlif və vacib hekayələri özündə əks etdirən rəssamlıq, heykəltaraşlıq, instalyasiya və multimedia nümunələri ilə tanış ola biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə