HHQ-də "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edən general-mayor Namiq Bayramov məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Ordumuzun döyüş qüdrətinin artırılması naminə peşəkar zabit kadrları ilə komplektləşdirilməsindən danışan general-mayor N.Bayramov bu cür kursların əhəmiyyətini xüsusi vurğulayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Hərbi Hava Qüvvələrimizin gündən-günə gücləndiyini qeyd edib.

Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə