Birləşmə və hərbi hissələrdə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTOLAR
Fevral ayının 21-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş bayrağı sıra meydanına gətirilib.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olunub, xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.
Çıxış edənlər sərhədçilərin keçdiyi şanlı döyüş yolundan, Vətən müharibəsində əldə olunan qələbədən və postmüharibə dövründə sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrəti daha da artır, sərhədlərimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti bu şərəfli vəzifənin məsuliyyətini dərk edərək üzərinə düşən missiyanı yüksək peşəkarlıqla icra edir.
Valideynlər çıxış edərək övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçımıza və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda əsgərlər tərəfindən təntənəli keçid olmuş, xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə