Azərbaycanın APA-ya sədrliyi dövründə görülən işlər bölgə üçün çox vacibdir - BƏƏ parlamentarisi

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayerin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Sahibə Qafarova ötən ildən etibarən Azərbaycan parlamentinin APA-ya sədrlik etdiyini və bu təşkilatı Asiya parlamentlərini birləşdirən mühüm platforma kimi daha da gücləndirməyə sadiq olduğunu deyib. Qeyd edib ki, belə parlament platformaları, eyni zamanda, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətləri yüksək səviyyədədir və strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında mövcud olan tarixi, dini və mədəni əlaqələr ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün möhkəm bir təməl yaradır. Diplomatik əlaqələrimizin qurulduğu 1992-ci ilin sentyabrından bəri müxtəlif sahələrdə əlaqələrimiz yüksək səviyyəyə çatıb. İqtisadi əlaqələrimiz gündən-günə inkişaf edir, siyasi dialoq çox fəaldır.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfərləri, həmçinin Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Bunlar arasında “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” xüsusi əhəmiyyətə malikdir. Həmçinin bir milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu təsis edilib. Qeyd olunub ki, 2024-cü ilin avqustunda Şuşada keçirilmiş Azərbaycan-BƏƏ İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının 9-cu iclası da mühüm önəm daşıyır.

“Parlamentlərimiz də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Dost BƏƏ-nin Federal Milli Şurası ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm veririk. Bizim parlamentlərarası təşkilatlar çərçivəsində – PAİ, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı, APA və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində də müsbət əməkdaşlığımız mövcuddur”, - deyə S.Qafarova qeyd edib.

Söhbət zamanı cari ilin aprelində Özbəkistanda Parlamentlərarası İttifaqın 150-ci Baş Assambleyasının keçirilməsi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb.

Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayer Azərbaycanda olmaqdan və APA-nın 15-ci plenar sessiyasında iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanın APA-ya sədrliyi dövründə çox işlər görülüb və bu işlər təşkilatın əhatə etdiyi bölgə üçün çox vacibdir. Qonaq bu təşkilatı orada təmsil olunan ölkələrin parlamentləri ilə iş aparmaq, onları düşündürən məsələləri müzakirə etmək üçün əlverişli platforma adlandırıb. Bildirilib ki, dövlət başçılarımız arasındakı yaxşı münasibətlər parlamentlərimizə də öz müsbət təsirini göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri də parlamentlərarası əlaqələrimizin dərinləşməsində böyük rol oynaya bilər.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə