Dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır

Azərbaycan dəmir yolu nəqliyyatında qaydaların pozulmasına görə cərimələr artırılır. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliyə görə, dəmir yolunun qardanmühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının ev avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq edilir.

Hazırda bu cərimə 150 manatdır.

Həmçinin, dəmir yolunda yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcəklər. Hazırda bu cərimələr müvafiq olaraq, 30 və 100 manatdır.

Dəyişikliyə əsasən, dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə cərimələr 200 manatdan 400 manata qaldırılır.

Həmçinin yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə cərimələr 50 manatdan 100 manata qaldırılır.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən daha bir dəyişikliklə isə dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq ediləcək.

Hazırda qüvvədə olan qaydalara görə isə vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə