Dəmiryol keçidlərindən istifadə qaydasının pozulmasına görə yeni cərimələr

Azərbaycanda dəmiryolu keçidlərindən istifadənin pozulmasına görə yeni cərimələr müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək.

Təklifə əsasən, xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılacaq.

Həmçinin, xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.

Məcəlləyə əlavə edilən daha bir dəyişikliyə görə isə piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə 40 manat məbləğində cərimə tətbiq ediləcək.

Bununla bərabər, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə cərimələr 40 manadan 80 manata qaldırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə