MM “e-mühasibat” informasiya sisteminin yaradılmasını təsdiqləyib

Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılması məsələsini birinci oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

- Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;

- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə