Rusiya vətəndaşları üçün elektron kalkulyator istifadəyə verilib

Azərbaycana səfər edən Rusiya vətəndaşları üçün “Müvəqqəti olma müddətini yoxla” adlı elektron kalkulyator istifadəyə verilib. Bu barədə SİA-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə əməl edilməsinin, eyni zamanda Rusiya vətəndaşlarının ölkəyə səfərlərinin planlaşdırılmasında rahatlığın təmin edilməsi məqsədilə DMX tərəfindən bir təqvim ili ərzində ölkədə istifadə edilməmiş müvəqqəti olma müddətinin hesablanması üçün Xidmətin rəsmi internet informasiya ehtiyatında “Müvəqqəti olma müddətini yoxla” adlı elektron kalkulyator istifadəyə verilib.

Təqdim edilən elektron yenilik vasitəsilə Azərbaycana viza tələb olunmayan qaydada səfər edən Rusiya vətəndaşları cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətlərini onlayn qaydada yoxlaya biləcəklər.

Bunun üçün Xidmətin rəsmi internet informasiya ehtiyatında “Müvəqqəti olma müddətini yoxla” bölməsinə keçid edilərək açılan pəncərədə ad, soyad və doğum tarixi barədə məlumatları əlavə etmək tələb edilir. Sorğu göndərildikdən sonra cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətinin günlərinin sayı real vaxt rejimində istifadəçilərə təqdim olunur.

Qeyd edək ki, bu il yanvarın 1-dən viza tələb olunmayan qaydada Azərbaycana gələn Rusiya vətəndaşlarının və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə