Ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrlə bağlı daxil olan 102 min 831, Naxçıvan üzrə isə 2 557 müraciət araşdırılıb. SİA xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları əhalinin qarşısında hesabatlıdır:
"99 min 838 aktın qanunvericiliyə uyğun olduğu, 2 594 aktın isə qanunvericiliyə uyğun olmadığı aşkarlanıb. Ədliyyə Nazirliyi tərəfindən 2 600-dən çox bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar müvafiq orqanlara müraciət olunub”.
Nazir müavini həmçinin bildirib ki, ötən il bələdiyyələrin gəlirləri və xərclərinin şəffaflığı ilə əlaqədar elektron portalın yaradılması maliyyə çatışmazlığı səbəbindən yekunlaşdırılmayıb:
"Hazırda bunun üzərində iş aparılır. Artıq portalın son texniki məsələləri həll edilir. Güman edirik ki, 2025-ci ildə bu işlərin qalan hissəsi yekunlaşdırılacaq və portal istifadəyə veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə