"Əgər Avropa Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək istəyirsə..." - POLİTOLOQ AÇIQLADI

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilk dəfə deyil ki, Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul edir. Artıq bizim, dövlətimiz üçün adi bir hal olub. Biz artıq buna təəccüblə yanaşmırıq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, məhz bu qərəzli qətnamələrə görə Azərbaycan bu təşkilatda fəaliyyətini dayandırıb və üzvlükdən imtina edib. Lakin fəaliyyətimizi dayandırmağımıza baxmayaraq Avropa Şurası yenə də bizim əleyhimizə müəyyən sənədlərin qəbuluna çalışıb: "Amma onu deyə bilərəm ki, nə qədər də bizim əleyhimizə sənəd qəbul etməyə çalışsalar belə bunun heç bir effekti olmayacaq. Əgər AŞPA ilə əməkdaşlığı dayandırıbsa bu qərəzli qətnamələrin heç bir təsiri olmayacaq. Əksinə AŞPA Azərbaycan ilə əməkdaşlığını davam etdirsəydi, bu qərəzli sənədlərin qəbulunu dayandırsaydı, nümayəndə heyyətimiz geri qayıdıb və bu formatda əməkdaşlığı yenidən nəzərdən keçirilə bilərdi. Amma Ermənistan orada iştirak etdiyinə görə erməniləri dəstəkləyən digər ölkələr hər dəfəsində Azərbaycan əleyhinə qətnamə qəbul edəcəklər. Bunun isə heç bir ölkəyə faydası yoxdur. Əgər Avropa Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək istəyirsə dialoqa üstünlük verilməlidir. Bu kimi ikili standartlara xidmət edən qətnamələr əlbətdəki nə əməkdaşlığa xidmət edir, nə də gələcəkdə yeni əməkdaşlıq imkanlarının yaradılması üçün müəyyən münbit bir zəmin yaradır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə