"Seçkilər növbəti demokratiya hadisəsi kimi yadda qaldı" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycanda 29 yanvar 2025-ci ilə təyin edilmiş növbəti bələdiyyə seçkiləri başa çatdı".Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu, yerli özünüidarəetmənin daha səmərəli təşkili baxımından yeni bir mərhələ kimi yadda qalacaqdır: "Çünki seçkilərdən öncə bələdiyyələrin statusu haqqında qanunda dəyişiklik edilmişdi. Bu, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə idi. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.
Qanuna görə onların sayı optimallaşdırılmışdı, maliyyə mənbələrinin və imkanlarının artırılması ilə bağlı müddəalar nəzərə alınmışdı. Bütün bunlar önümüzdəki mərhələdə bələdiyyə fəaliyyətinə, onun funksionallığına yeni keyfiyyət ünsürləri qazandırmışdır. Ona görə də biz bələdiyyə seçkilərində xeyli canlanma müşahidə etdik. MSK-nın açıqlamalarına görə heç bir xüsusi qanun pozuntusuna rast gəlinmədi.
Nəticə etibarilə seçkilər başa çatdı. Azərbaycanda seçkilər vasitəsilə təşkil olunan idarəetmə orqanlarından biri bələdiyyələrdir. Spesifik bir idarəetmədir. Onun fəaliyyəti birbaşa vətəndaşların məmnunluğuna hesablanıb. Xüsusilə yerli səviyyədə vətəndaşların xidməti və idarəetmə fəaliyyətini həyata keçirir. Ona görə də bələdiyyə seçkilərinə diqqət yüksək səviyyədədir. Sevinirik ki, bu seçkilər növbəti demokratiya hadisəsi kimi yadda qaldı".
Bütün xəbərlər Facebook səhifəmizdə