“Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Qərbi azərbaycanlıların öz doğma yurd- yuvalarına qayıdışı tarixi zərurətdir. Bu, təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamasını təmin etməlidir: “Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir. Ermənistanın isə bu prosesə maneə törətməsi, regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır. Azərbaycan dövləti tərəfindən bu prosesin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atmaqdadır”.
Deputat xatırladıb ki, tarixi və əzəli torpağımız olan Qərbi Azərbaycanda yaşamış soydaşlarımız zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər: “Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır”.
S.Salmanova vurğulayıb ki, beynəlxalq ictimaiyyət də Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistana lazımi təzyiqlər göstərməlidir: “Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlərin sona çatdırılması və deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası baxımından böyük önəm daşıyır. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Məlumat üçün bildirim ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar da var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə