“Forum Azərbaycan üçün ildən-ilə daha uğurlu olur" - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezident İlham Əliyev Davos forumunda iştirakı ilə fürsətdən doğru yararlanaraq Azərbaycanın problemlərini həm gündəmə gətirir, həm də gələcək perspektivlərlə bağlı görüşlər keçirir, müəyyən sənədlərin hazırlanmasını tapşırır və bu istiqamətdə də fikrimcə ən çox faydalanan ölkələrdən biriyik”. Bu sözləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu görüşlərin hamısı gələcək əməkdaşlıq üçün zəmin hazırlayır: “Bu forumda cənab Prezidentin beynəlxalq koperasiyanın rəhbərləri, müxtəlif ölkələrin siyasətçiləri ilə görüşləri olur. Bu da Azərbaycanın müttəfiqlərinin, ölkəmizlə əməkdaşlıq edən ölkələrin sayını artırır, həm də beynəlxalq qlobal iqtisadi məsələlərin müzakirəsi üçün çox əlverişli imkan yaradır. Diqqət etsək görərik ki, forumda hər bir ölkə özünün potensialını nümayiş etdirməyə çalışır. Bu baxımdanda cənab Prezident İlham Əliyev də Azərbaycanın mövcud potensialını, bütün konturlarını onların müzakirəsinə təqdim edir. Bütövlükdə bu bizim üçün çox faydalı bir platformadı və bu platformadan istifadə edən ölkələrin başında da hesab edirəm Azərbaycan gəlir. Bunun ən başlıca səbəbi isə dövlət başçımızın iqtisadi məsələlərdə çevik bir siyasət yürütməsi təbii ki, digər xarici ölkələrin də diqqətini cəlb edir. Onlar da Azərbaycanla əməkdaşlığın nə qədər faydalı olduğunu görürlər. Buna görə də bu forumun Azərbaycan üçün ildən-ilə daha uğurlu keçdiyini söyləmək olar".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə