Korrupsiya hüquqpozmaları ilə bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmi hazırlanacaq. SİA xəbər verir ki, bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əks olunub.
Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanuna əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir.
Eyni zamanda orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.
Həmçinin orqanların rəhbərləri həmin orqanın strukturu, işçilərin say həddi, fəaliyyət istiqamətləri, iş həcmi nəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə müəyyən edəcəklər.
Bundan başqa, dəyişiklik layihəsinə əsasən, qurumlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər. Səlahiyyətli struktur bölmə öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə işçilər barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir.
Səlahiyyətli struktur bölmə orqanların rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.
Sənəd müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə