“Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans keçirilib - YENİLƏNİB

Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, konfransda əvvəlcə Reyunyon adasına həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransanın dünyada 13 koloniyası var. Bu koloniyalardan ikisində insanlar məskunlaşmayıb, digər ərazilərlə əməkdaşlıq edirik. Reyunyon Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkir. Orada insanlığa qarşı amansız cinayətlər törədilib. Bu gün də Reyunyonda müstəmləkəçilik davam edir.

BTQ-nin apardığı siyasət barədə danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib: “Bakı Təşəbbüs Qrupunun apardığı siyasət Fransanı narahat edirsə, bu, xüsusilə vurğulanmalıdır. Bu baxımdan qeyd edə bilərik ki, keçmiş Qarabağ məsələsi də kolonial bir problem idi. Kolonializmə qarşı mübarizə dünyada birlik, bərabərlik yaradır”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm də kolonializmə qarşı savaşdı. Onun sözlərinə görə, Reyunyon qlobal güclərin əlində nüvə silahı üçün plasdarmdır.

Açılış nitqlərindən sonra “Ka Ubuntu” təşkilatı tərəfindən lentə alınmış videoların təqdimatı olub.

Daha sonra çıxış edən "Ka Ubuntu" müstəqillik hərəkatının sədri Romen Katambara deyib ki, bəzi Afrika ölkələrinin azad olması fikri yanlışdır. Çünki müstəqil ölkənin ərazisində başqa ölkələrin hərbi bazası yerləşmir və onların mədəniyyətinə təsir etmir. O deyib: “Biz birlikdə olmalıyıq ki, imperializmə qarşı səmərəli mübarizə aparaq. Beynəlxalq ictimaiyyətə də öz səsimizi çatdıraq. Fransaya qarşı apardığımız mübarizə fonunda burada olmağımız çox vacibdir. Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq. Fransanın imperialist siyasəti Reyunyon iqtisadiyyatına mənfi təsir göstərir. Bizim üçün müstəqillik daha yaxşı bir gələcək deməkdir”.

Reyunyon adasında hökm sürən iqtisadi çətinliklərlə bərabər, yerli əhalinin müxtəlif icmaları arasındakı gərginliyi də vurğulayan Romen Katambaranın sözlərinə görə, guya Reyunyonda mütəşəkkil cinayətlərin artması, ətraf mühitə ziyan vurulması, sosial vəziyyətin pisləşməsində mayottalıların təqsirkar olması təbliğatını aparan Fransa rəsmiləri, əslində, ada əhalisi daxilində həmrəyliyi pozmaq, azadlıq meylərinin qarşısını almaq məqsədini güdür.

"Reyunyonda gənclərin əksəriyyətinin təhsilə əlçatanlığı təmin edilməyib. 200 min insan yaşayış yeri problemi ilə üzləşib, 45 minə yaxın insan ev gözləyir. Buradakı böhran iqtisadi müstəmləkə sisteminə çox bağlıdır. Əhalinin sosial-iqtisadi tələblərinə cavab verilmir. Ona görə də özümüz bunu formalaşdırmalıyıq. Fransa Reyunyon əhalisinin azadlıq meyillərinin qarşısını almağa çalışır. Buna baxmayaraq, bu addımlar gözlənilən iqtisadi və sosial dəyişiklikləri təmin edə bilmədi. Nəticədə, ada yüksək yoxsulluq səviyyəsi ilə üzləşərək, bu gün də çətin iqtisadi və sosial vəziyyətdədir", - deyə afrikalı fəal əlavə edib.

"Ka Ubuntu" təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman bildirib: “Fransa tərəfindən qanunsuz olaraq bizim regionda çoxsaylı abortlar həyata keçirilib. Bu da insanlığa qarşı aparılan cinayətdir. Fransa heyvanlar üçün istifadə olunan dərmanlar vasitəsilə bu cinayətləri törədib. 1960-cı illərdə Reyunyon adası Fransanın departamenti olaraq, ciddi sosial və iqtisadi problemlərlə qarşılaşmışdı. Yerli əhalinin sayı artmaqda davam edirdi ki, bu da adada sosial problemlərin kəskinləşməsinə səbəb olurdu. Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı. Belə ki, Reyunyona xas olan Afrika mənşəli adlara malik uşaqlara Fransa metropoliyasına xas adlar verilərək, təzə adlarla şəxsiyyət vəsiqələri paylanırdı. 1982-ci ilə qədər davam etmiş bu məqsədyönlü köç nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayıblar”.

Konfransda Milli Məclisin deputatları, müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar "Reyunyonda fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyəti", "Beynəlxalq hüquq çərçivəsində Reyunyonun dekolonizasiya prosesi" mövzularında çıxışlar və təqdimatlar ediblər. Onlar Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər barədə müzakirələr aparıblar.

Daha sonra Mayotda qasırğa qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla edilib.

Konfransın yekunu olaraq Bakı Təşəbbüs Qrupu və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir media nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.

Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.

Qeyd edək ki, bu tədbir Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə