Naxçıvanda bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə - FOTOLAR
Naxçıvanda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə layihəsi çərçivəsində 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin nümayəndələri, eləcə də muxtar respublika üzrə dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin əməkdaşları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik idarəsinin rəisi Cavid Cəfərov bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrindən danışıb.
Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev bildirib ki, qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıq görülür. Seçkilərin şəffaf və ədalətli keçirilməsi, həmçinin seçki iştirakçılarının maarifləndirilməsi məqsədilə regionlarda müxtəlif istiqamətlər üzrə layihələr davam etdirilir.
Sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Sənan Əliyev “Seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenləri və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi”, Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov “Seçki subyektləri, onların hüquq və vəzifələri. Seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi” mövzularında çıxış ediblər.
Seminar-müşavirədə bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, tapşırıq və tövsiyələr verilib, suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə