Bakıda "Lex Camp" düşərgəsinin açılış mərasimi keçirilib

Bakıda gənc hüquqşünaslar üçün təşkil edilən "Lex Camp" qış düşərgəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, düşərgə Ədliyyə Nazirliyi, ADA Universiteti, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universitetinin təşkilatçılığı və Gənclər Fondunun və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.

ADA Universitetində keçirilən tədbirdə ədliyyə nazirinin müavini Abiddin Hüseynov, ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, Martin Lüter adına Halle-Vittenberq Universitetinin İqtisadi Hüquq İnstitutunun direktoru professor Kristian Tyetye, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov açılış nitqi ilə çıxış ediblər.

Açılış mərasimindən sonra Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılovun layihə iştirakçıları ilə seminarı təşkil olunub.

Qeyd edək ki, Bakı və Lənkəran şəhərlərində yanvarın 14-18-də gənc hüquqşünaslar üçün təşkil ediləcək “Lex Camp” qış düşərgəsi “Mülkiyyət hüququ: Müdafiə və məsuliyyət aspektləri” mövzusunu əhatə edəcək.

Ümumilikdə 60-a yaxın iştirakçını əhatə edəcək layihədə beş gün ərzində mülkiyyət hüququ ilə bağlı müxtəlif seminarlar, praktiki təlimlər, nümunələr üzərində iş və panel görüşlərin təşkili planlaşdırılır.

Layihə çərçivəsində spiker qismində yerli və xarici professor heyəti və rəsmilərin iştirakı nəzərdə tutulur. Layihənin digər tədbirləri, eləcə də bağlanış mərasimi Lənkəranda təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə