Naxçıvan Prokurorluğunda kollegiya iclası keçirilib - FOTOLAR

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Prokurorluğunda kollegiya iclası keçirilib. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, yanvar ayının 13-də Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Muxtar Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, 2024-cü il ərzində Naxçıvanın prokurorluq orqanlarında 37 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 13-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 376667 manat maddi ziyandan 367302 manatının (97,51%) ödənilməsi təmin olunub. Bundan əlavə 2024-cü ildə Naxçıvan prokurorluğu orqanlarına 584 müraciət daxil olab, həmçinin Naxçıvan Prokurorluğunda 197, tabe rayon (şəhər) prokurorluqlarında isə 391 olmaqla, ümumilikdə 588 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə