“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılışı olub - FOTOLAR

Yanvarın 10-da Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib. SİA xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.
Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

HDQ-nin komandanı birinci dərəcəli kapitan Şahin Məmmədov çıxış edərək kurs iştirakçılarını buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Ş.Məmmədov hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən bu cür kursların əhəmiyyətini xüsusi vurğulayıb, kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan və qardaş Türkiyədən olan təlimatçılara təşəkkürünü bildirib.

Məzunlar adından çıxış edən miçman Şahin Rəfili kurs ərzində qazandıqları nəzəri bilikləri və praktiki vərdişləri gələcək xidmətlərində tətbiq edəcəklərinə, onlara göstərilən etimadı Vətənə, xalqa və dövlətə sədaqətləri ilə doğruldacaqlarına söz verib.

Sonra məzunlara sertifikatlar və döş nişanları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə