Ramil Usubov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov yanvar ayının 8-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan da iştirak edib.

Görüşdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılmış, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə məsələləri müzakirə olunub.

İran İslam Respublikasının nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə