Balakən sakinlərinin nəşləri ailələrinə təhvil verilib

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan səkkiz nəfərin nəşi Balakən rayonuna gətirilib. SİA-nın məlumatına görə, qəzada həlak olan Balakən rayon Meşəşambul kənd sakini 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazovanın, Xalatala kənd sakini 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçovun, Yeni Şərif kənd sakinləri 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamovanın, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarovun, Şambul kənd sakini 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyevin nəşi bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 9-u qəza zamanı həyatını itirib.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə