“2024-cü il ölkəmizin və millətimizin həyatında uğurlar ili oldu” - MÜNASİBƏT BİLDİRİLDİ

“2024-cü il ölkəmizin və millətimizin həyatında uğurlar ili oldu. Həm daxili, həm də xarici siyasətdə qazanılan böyük uğurlar cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan bütün işlərin dəqiq, planlı şəkildə həyata keçirildiyini göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

Onun sözlərinə görə, uğurların olduğu sahələrdən biri heç şübhəsiz işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri və keçmiş məcburi köçkünlərin yeni müasir evlərə qaytarılmasıdır: “İlk baxışda sözdə bütün bunlar asan görünə bilər, amma gerçəklik nədir? Cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkünü mənzillərdə, yataqxanalarda yerləşdirdi, çadır şəhərciklərini ləğv etdi, ərazilər işğal altında qaldığı bir şəraitdə onların sosial problemlərini həll etdi, övladlarının təhsil haqqını dövlət büdcəsi ödədi.

Azərbaycan dövləti bundan sonra təkbaşına cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında qalan torpaqlarımızı azad etdi. Qazanılan qələbə təkcə Ermənistan üzərində deyil, dünya erməniliyi və onun havadarları üzərində qazanılan qələbə idi. Bu təkcə hərbi deyil, eyni zamanda cənab Prezidentin diplomatiyasının qələbəsi idi”.

Musa Qasımlı sözlərinə belə davam edib: “Bu parlaq zəfərdən sonra Azərbaycan Böyük Qayıdış proqramını həyata keçirməyə başladı. Qısa bir müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə minalar təmizlənir, yollar çəkilir, məktəblər tikilir, yaşayış evləri inşa edilir, yeni iş yerləri açılır, sənaye parkları yaradılır. Qısa müddət ərzində Füzuli və Zəngilanda hava limanları istifadəyə verildi. Laçında hava limanı tikilir, ağıllı kənd və şəhərlər inşa edilir.

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər dədə-baba torpaqlarında müasir mənzillərə köçürülürlər. Onu da unutmayaq ki, məcburi köçkünlük dövründə də bu problemlərin hamısını dövlətimiz həll etmişdi. İndi də keçmiş məcburi köçkünlərimizi dövlət mənzillərlə təmin edir, iş yerləri yaradır.

Bütün bunlar onu göstərir ki, həm müharibədən əvvəl, həm müharibə, həm də müharibədən sonrakı dövrdə cənab Prezidentimizin rəhbərliyində yürüdülən siyasət çox dəqiq, sistemli və ardıcıl şəkildə həyata keçirilir. Bütün bunların hamısı ilə paralel olaraq işğaldan azad edilmiş ərazilərimizdə tarix və mədəniyyət abidələrimiz bərpa edilir. Bu iş də Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev fondunun müstəsna xidmətlərini mütləq söyləmək lazımdır. Gözümüzün qarşısında Qarabağ və Şərqi Zəngəzur rayonları tamamilə yenidən qurulub. Bütün bunlar onu deməyə əsas verir ki, 2025-ci il də dövlətimiz və millətimiz üçün uğurlu olacaq. Çünki onun möhkəm əsasları var və cənab Prezidentimiz gələn ili Konstitusiya və Suverenlik ili elan edib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə