"Həmin dairələrin həyata keçirmək istədikləri oyunlar ifşa edildi" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə qətiyyətli və sərt mövqe sərgiləyərək, Azərbaycanın haqlı və prinsipial mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Eyni zamanda, cənab Prezident mühüm və ciddi mesajlar verdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bu bəyanatlar Azərbaycan əleyhinə çıxış edən bəzi beynəlxalq dairələrə aydın bir siqnal oldu və onlar öz dərslərini aldılar: "Dövlət başçımız Azərbaycanın haqlı və ədalətli mövqeyini növbəti dəfə qətiyyətlə ifadə edərək, Ermənistanla davam edən sülh danışıqlarında Azərbaycanın ədalətli yanaşmasını vurğuladı.

Ermənistanın bəzi beynəlxalq dairələrin alətinə çevrilərək Azərbaycana qarşı yönəlmiş çirkin planlara xidmət etməsini dövlət başçısı açıq şəkildə bəyan etdi. Həmin dairələrin Cənubi Qafqazda həyata keçirmək istədikləri oyunlar ifşa edildi. Ermənistanın silahlanaraq regionda sülh və təhlükəsizliyə təhdid yaratması məsələsi xüsusi olaraq diqqətə çatdırıldı. Cənab Prezident bu kontekstdə əhəmiyyətli detallara toxundu və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi və silahlanmanı dayandırmasının sülhün bərqərar olması üçün əsas şərt olduğunu qeyd etdi.

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyini bir daha bəyan etdi. Minsk qrupu artıq fəaliyyətini dayandırıb və tarixə qarışmalıdır. Bu yanaşma Azərbaycanın qətiyyətli siyasətini əks etdirir. Ermənistan isə bu kimi məkrli oyunlardan əl çəkməli və bölgədə sabitliyin təmin olunmasına töhfə verməlidir".

Onun sözlərinə görə, ölkə rəhbəri həmçinin, Ermənistan ərazisində yerləşdirilən və məqsədyönlü şəkildə idarə olunan Aİ “müşahidə missiyası” ilə bağlı mövqeyini də ifadə edib: "Bu missiyanın Fransa və bəzi Avropa dairələri tərəfindən təşəbbüs edildiyi və bölgədə gərginlik yaratmaqdan başqa heç bir məqsədə xidmət etmədiyi vurğulandı. Azərbaycan haqlı olaraq bu missiyanın fəaliyyətini məqbul hesab etmir. Bununla yanaşı, İlham Əliyev beynəlxalq siyasi proseslər, Qərb-Rusiya qarşıdurması və Ukrayna üzərindən həyata keçirilən geosiyasi planlarla bağlı fikirlərini səsləndirdi. Bu yanaşma, Azərbaycan Prezidentinin geosiyasi və geoiqtisadi məsələlərə kompleks yanaşdığını və düşünülmüş siyasət apardığını bir daha göstərir. Azərbaycan Prezidentinin bu bəyanatları beynəlxalq arenada ölkəmizin qətiyyətli və haqlı mövqeyini nümayiş etdirir. Bu, hər bir azərbaycanlı üçün qürurverici bir haldır. Azərbaycan Prezidentinin praqmatik və strateji yanaşması dünya miqyasında ölkəmizin nüfuzunu daha da artırır və Cənubi Qafqazda sülhün təmin edilməsində mühüm rol oynayır”.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə