Özbəkistanın Baş naziri və XİN başçısı Azərbaycana başsağlığı verib

Özbəkistanın Baş naziri Abdulla Aripov dekabrın 27-də Daşkənddəki Azərbaycan səfirliyinə gələrək Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar xalqımıza başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri məlumat yayıb.

Baş nazir, həmçinin xatirə kitabında qeyd qoyub.

KİV-in məlumatına görə, Azərbaycan səfirliyini, həmçinin Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov da ziyarət edib. Qeyd edilib ki, o, dərin hüznlə başsağlığı verib və xatirə kitabına qeyd qoyub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə