Qırğızıstanın Baş naziri Adılbek Kasımaliyev Azərbaycanın Bişkekdəki səfirliyində xatirə kitabına ürək sözlərini yazıb. SİA Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Kasımaliyev AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib.
"Qırğız Respublikası Nazirlər Kabineti adından və şəxsən öz adımdan Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralananlara tezliklə sağalmağı arzulayıram", - o yazıb.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azerbaijan Airlines-ə məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olmaqla 67 nəfər, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 sərnişin həlak olub, üç uşaq da daxil olmaqla 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə