Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Strasburqda (Fransa) Avropa Şurasının mənzil-qərargahı qarşısında Azərbaycan bayrağı yarıya endirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov “X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Strasburqda Avropa Şurasının mənzil-qərargahı binası qarşısında Azərbaycanın üçrəngli bayrağı yarıya endirildi, çünki Azərbaycan xalqı 25 dekabrda baş vermiş və çoxsaylı insan ölümünə səbəb olmuş faciəli təyyarə qəzasının qurbanlarına görə yas saxlayır", - o bildirib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Onların 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə