Azərbaycan xalqının birliyi bu çətin dövrü dəf etməyə kömək edəcək - Pakistanın Baş naziri

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

SİA-nın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.

Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə