15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01 oktyabr 2003-cü il tarixli müraciəti: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Bu dəmir yolunun tikintisi 2007-ci ildə başlanmışdı. Azərbaycan, Rusiya, İran və Gürcüstan ilə sərhədlərin qədər yeni magistral avtomobil yolları çəkilib. Azərbaycan böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb edən bu beynəlxalq layihələri reallaşdırmaqla Avrasiyanın çox mühüm tranzit və logistika mərkəzinə çevrilib. Daha sonra nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib. Kosmik orbitə 3 peyk çıxarmış Azərbaycan dünyada sayı çox olmayan kosmik ölkələr klubuna daxil olub. 8 fevral 2013-cü il tarixində birinci, 30 iyun 2014-cü ildə ikinci, 26 sentyabr 2018-ci ildə isə üçüncü telekommunikasiya peyki orbitə çıxarılıb.
Cənab Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. 2003-cü il oktyabr ayından başlayaraq bütün illər ərzində dövlət başçısı xalqın mənəvi inkişafı, dini etiqad azadlığı, multikulturalizm və tolerantlıq ənənələrinin dəstəklənməsi siyasətinə çox böyük diqqət yetirib. Gənclərin sosial, təhsil və mədəni problemlərinin həlli məqsədilə dövlət proqramları təsdiq edilmiş və Gənclər Fondu yaradılıb. Gənclər siyasəti dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biri, dövlət idarəçiliyinin prinsipidir.
“Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir” – deyən Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti ilə ölkəmiz həm inkişaf edir, həm iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Həyata keçirilən layihələr və əməkdaşlıq formatları sabitliyin təmin edilməsində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illər ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməklə yanaşı, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, hüquq və azadlığının ən yüksək səviyyədə təmin olunmasına nail olundu. Prezidentliyin ilk illərində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yürüdülməsi siyasətin real göstəricilərindən biridir. Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə edən cənab Prezident neft və qaz kəmərləri, nəqliyyat yolları, telekommunikasiya xətləri, elektroenergetika layihələrini Ermənistandan yan keçməsinə nail oldu. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.
Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu il ölkəmiz COP29-a ev sahibliyi etdi. Bu mötəbər tədbirə Respublikamızın ev sahibliyi etməsi böyük etimad və böyük hörmətə dəlalət edir. Təxminən 2 həftə ərzində Azərbaycan dünyanın diqqət mərkəzində oldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Respublikanın gələcəyinə hesablanmış addımlardır. Açıq siyasət yürüdən dövlət başçısı Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmadı. Dünyada qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Sonda fikrimi cənab Prezident İlham Əliyevin sözləri ilə yekunlaşdıraraq “Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək!”
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə